Xəbərlər

Şəkidə ”Aqrar sahənin inkişafında ASAN kənd təsərrüfatı modelinin əhəmiyyəti”nə həsr edilmiş elmi-praktiki konfrans keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Şəkidə Əkinçilik, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutları və Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Aqrar sahənin inkişafında asan kənd təsərrüfatı modelinin əhəmiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda alim və mütəxəssislərlə yanaşı fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Yusifov Şəki rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına məlumat verib.    

Sonra çıxış edən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai konfransın məqsədi, kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, “Asan kənd təsərrüfatı”nın Aqrar Sənaye Kompleksinin inkişafındakı rolu haqqında danışıb. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Füzuli Mirzəyev təmsil olunduğu institutda ayrı-ayrı prioritet istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri, onların nəticələri, fermerlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri, “Asan kənd təsərrüfatı”nın heyvandarlıq sahəsinin idarə olunmasında və qarşıya çıxacaq problemlərin operativ həll edilməsindəki rolu, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Elxan İlyasov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru Məclum Şükürov rəhbərlik etdikləri müəssisələrin qarşısında duran vəzifələr, fermerlərin maarifləndirilməsi ilə əlaqədar aparılan informasiya məsləhət xidmətləri, cari ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər.    

Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki seleksiyası şöbəsinin elmi işçisi Zöhrab Qəribov “Aqrar sahənin inkişafında asan kənd təsərrüfatı modelinə dair dünya praktikası”, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Yasin Gözəlov “Müasir dövrdə heyvanların identifikasiyasının aparılması qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər. Konfrans iştirakçılarının böyük marağına səbəb olan bu təqdimatlarda Azərbaycanda əsası qoyulan elektron kənd təsərrüfatı və informasiya sisteminin üstünlükləri, aqrar sahənin bitkiçilik, heyvandarlıq sahələrini əhatə edən və Çin Xalq Respublikasına, ABŞ və digər inkişaf etmiş ölkələrə məxsus “Asan kənd təsərrüfatı” modellərindən nümunələr yer alıb.

Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb.

© 2020 Əkinçilik ETİ