Xəbərlər

Kürdəmirdə “Məhsuldarlığın yüksəldilməsində innovativ texnologiyaların rolu”na həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Kürdəmirdə Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutları və Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə cari ilin 22 fevral tarixində “Məhsuldarlığın yüksəldilməsində innovativ texnologiyaların rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda alim və mütəxəssislərlə yanaşı fermerlər, kənd təsərrüfatı məhsul istehsalçıları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov Kürdəmir rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətlər, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına məlumat verib. Aqrar Elm və İnnovasiya Mərkəzinin Aqrar Tədqiqatlar Şöbəsinin müdiri Pərviz Cəfərov konfransın işini fermerlərin maarifləndirilməsi baxımından yüksək dəyərləndirdi və fermerləri mövzu ətrafında aparılacaq müzakirələrdə daha fəal iştirak etmələrini arzuladı.

Sonra çıxış edən Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Cavanşir Təlai konfransın məqsədi, kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların iqtisadi cəhətdən səmərəli rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında rolu, institutun bu sahədə apardığı tədqiqat işlərinin nəticələri haqqında danışıb. Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiat İnstitutunun elmi işlər üzrə direktor müavini Sahib Cabbarov təmsil olunduğu institutda bitki mühafizəsi sahəsində ayrı-ayrı prioritet istiqamətlər üzrə aparılan elmi-tədqiqat işləri, onların nəticələri, fermerlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri, innovativ texnologiyaların dünya kənd təsərrüfatının yaxın əlli ildə qarşılaşacağı problemlərin həll olunmasındakı rolu, Əkinçilik ET İnstitutunun direktor müavini Atif Zamanov qlobal iqlim dəyişmələri fonunda institutda müxtəlif bitkilər üzrə aparılan seleksiya və toxumçuluq işlərinin nəticələri, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Zeydulla Zeynalov, Əkinçilik Elmi-Tədqiat İnstitutunun Kürdəmir Təcrübə Sınaq Stansiyasının direktoru Saday Məmmədov rəhbərlik etdikləri müəssisələrin qarşısında duran vəzifələr, fermerlərin maarifləndirilməsi ilə əlaqədar aparılan informasiya məsləhət xidmətləri, cari ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər.

Konfransda Əkinçilik Elmi-Tədqiat İnstitutunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyev “Dənli bitkilərdən yüksək keyfiyyətli məhsul alınmasını təmin edən innovativ resursmühafizəedici texnologiyaların üstünlükləri”, Torpaq və bitki analizləri laboratoriyasının aparıcı elmi işçisi Yasin Kərimov “Dəqiq əkinçilik-kənd təsərrüfatında müasir innovativ texnologiyadır”, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiat İnstitutunun şöbə müdiri Kazım Hüseynov “Kartofçuluqda inteqrir mübarizə tədbirləri”, böyük elmi işçisi Ceyhun İbrahimov “Ətraf mühitin çirklənməsində pestisidlərin rolu” mövzularında təqdimatlarla çıxış ediblər. Konfrans iştirakçılarının böyük marağına səbəb olan bu təqdimatlarda yeni resursmühafizəedici tirəyə səpin texnologiyası, dəqiq əkinçilik, onların üstünlükləri və məhsuldarlığın artırılmasındakı rolu, inteqrir mübarizə tədbirlərinin əhəmiyyəti haqqında məlumatlar yer alıb.

Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb.

 

 

© 2020 Əkinçilik ETİ