Xəbərlər

İnstitutun əməkdaşı Rusiyanın Moskva şəhərində torpaq fizikasının fundamental problemlərinə dair M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin keçirdiyi beynəlxalq konfransda iştirak etdi

    27-31 may 2019-cu il tarixlərində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Qulu oğlu Hümmətov Torpaq fizikası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, V.V.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyəti və Avrasiya Torpaqşünaslar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Moskva şəhərində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq fakültəsində MDU-nun professoru Anatoli Daniloviç Voroninin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Torpaq fizikasının fundamental konsepsiyaları: inkişafı, müasir tətbiq sahələri və perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdi.

   Konfransda Rusiya Federasiyasının müxtəlif regionları ilə yanaşı, Almaniya, Azərbaycan, Hindistan, Özbəkistan, Qazaxıstan, Türkiyə və digər ölkələrdən 200-ə qədər nümayəndə iştirak edirdi. Plenar, 7 bölmə və 2 dairəvi stol iclaslarında müasir torpaq fizikasının aktual məsələləri, onların tədqiqinə müxtəlif yanaşmalar, tədqiqatların inkişaf istiqamətləri və proqnozlar; torpağın bərk fazasının fizikası; torpaq hidrologiyası və riyazi modelləşdirmənin torpaqşünaslıqda tətbiqi; aqrofizika, aqrokimya və torpaq biotası üçlüyünün edafik şəraitinin formalaşmasına qarşılıqlı təsiri; torpaq meliorasiyası; torpağın xassə və rejimlərinin məkan-zaman qeyri-bircinsliyi, pedobiomüxtəlifliyi və evolyusiyası; rekultivasiya olunmuş və şəhər ərazisi torpaqlarının tədqiqi; torpağın temperatur rejimi və kriogenez məsələləri; torpaq becərilməsinin fiziki əsasları, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və torpaq xassələrinin dəyişməsi; fundamental və tətbiqi torpaqşünaslığın müasir çağırışları və ərzaq təhlükəsizliyi ilə əlaqədar rəqəmsal (ağıllı) kənd təsərrüfatının müasir vəziyyəti və inkişaf perspektivləri və s. məsələlərə həsr olunmuş çoxsaylı məruzələr dinlənildi və məruzələr ətrafında geniş elmi müzakirələr aparıldı.

  Konfransın müxtəlif bölmələrində Nizami Hümmətov “Azərbaycanın müxtəlif aqro-ekoloji bölgələrində torpaqların struktur vəziyyətinin məkan dəyişkənliyinin geostatistik qanunauyğunluqları” və “Dağlıq Şirvanın dəmyə şəraitində açıq-şabalıdı torpağın aqrofiziki vəziyyət göstəricilərinin qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış etdi. Məruzələr maraqla qarşılandı və geniş müzakirə olundu.

© 2020 Əkinçilik ETİ