Xəbərlər

NİZAMİ QULU oğlu HÜMMƏTOV – 60

Hümmətov Nizami Qulu oğlu 1961-ci il noyabr ayının 9-da Ermənistan Respublikasının Oktemberyan rayonunun Sovetakan kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Respublikasının Sabirabad rayonunun Suqovuşan kənd 8 illik məktəbinin I sinfinə daxil olmuş, 1979-cu ildə Sabirabad rayon M.Müşfiq adına 4 nömrəli orta məktəbini əla qiymətlərlə bitirmişdir. 

N.Q.Hümmətov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984-cü ildə universiteti bitirdikdən sonra, o, təyinatla Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutuna göndərilmişdir. 1984-1986-cı illərdə institutun “Bitki fiziologiyası” şöbəsində baş laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir. 1987-1988-ci illərdə Moskva vilayətinin Puşçino şəhərində SSRİ EA Torpaqşünaslıq və Fotosintez İnstitutunda (indiki Rusiya EA Torpaqşünaslığın Fiziki-Kimyəvi və Bioloji Problemləri İnstitutu) elmi təcrübə keçmədə olmuş və 1988-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə həmin institutun məqsədli aspiranturasına daxil olmuşdur.

N.Q.Hümmətov 1991-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq fakültəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasında “Boz-meşə torpağının hidrofiziki xarakteristikalarının məkan və zaman dəyişkənliyi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək “Aqrotorpaqşünaslıq və aqrofizika” ixtisası üzrə biologiya elmləri namizədi (indiki biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi adına layiq görülmüşdür. 2015-ci ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Torpaqşünasalıq” ixtisası üzrə dosent elmi adı verilmişdir. 

N.Q.Hümmətov dissertasiya müdafiəsindən sonra 1992-ci ildə Moskvadan Azərbaycana qayıtmış və ET Əkinçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 2015-ci ilin dekabr ayından institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.   

N.Q.Hümmətov Azərbaycanın suvarılan və dəmyə bölgələrində müxtəlif kənd təsərrüfatı bitkiləri (dənli, paxlalı, yem) altında aqrotexniki-becərmə üsullarından asılı olaraq torpaqların aqrofiziki xassələrinin, strukturunun və suyadavamlılığının, təbii və antropogen amillərdən asılı olaraq torpaq münbitliyinin aqrofiziki keyfiyyət göstəricilərinin məkan və zaman dəyişkənliyinin öyrənilməsi və torpaqların aqrofiziki vəziyyətinin (keyfiyyətinin) ekoloji qiymətləndirilməsi sahəsində səmərəli elmi-tədqiqat işləri aparır. O, keçmiş SSRİ məkanında ilk dəfə olaraq regional geostatistik metodları boz-meşə torpağının hidrofiziki xassələrinin məkan dəyişkənliyinin öyrənilməsinə tətbiq edərək, kənd təsərrüfatı əkin sahəsi miqyasında torpağın hidrofiziki xassələrinin məkan korrelyasiyası modellərini müəyyənləşdirmiş və hidrofiziki göstəricilər üçün optimal-kriqinq qiymətləndirmə aparmışdır. Bununla yanaşı N.Q. Hümmətov riyazi-statistik və geostatistik metodların torpaqşünaslıqda, əkinçilikdə və aqrofizikada tətbiqi sahəsində səmərəli elmi işlər aparmış və hal-hazırda bu sahədə tədqiqatlarını daha da genişləndirməkdə davam edir. 

N.Q.Hümmətov Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Tərəfindən rayonlaşdırılmış və Dövlət reyestrinə daxil edilmiş “Fateh” və sınaqda olan “Mərcan” soya sortlarının həmmüəlliflərindən biridir.    

N.Q.Hümmətov torpaqşünaslıq, əkinçilik və aqrofizikanın müasir problemləri ilə bağlı apardığı elmi işlərin nəticələri haqqında dəfələrlə yerli və beynəlxalq səviyyəli konfrans, qurultay və simpoziumlarda məruzələrlə çıxış edərək Azərbaycanın aqrar elmini layiqincə təmsil etmişdirş. O, 97 elmi və metodiki işin müəllifidir. Bir sıra məqalələri yüksək reytinqli beynəlxalq jurnallarda dərc olunmuşdur (Eurasian Soil Science, Canadian Journal of Soil Science, Plant Growth Regulation və s.).

N.Q.Hümmətov elmi fəaliyyətlə yanaşı pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. Belə ki, o, 2011-2015-ci ilərdə Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsində bakalavr və magistr pilləsində təhsil alan tələbələrə “Ekoloji kənd təsərrüfatının əsasları”, “Kənd təsərrüfatının radiobiologiyası”, “Torpağın fizikası”, “İqtisadi riyazi üsullar və modellər” fənlərini tədris etmişdir.     

N.Q.Hümmətov 2012-2018-ci illərdə institutda fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasının üzvü olmuş, hal-hazırda Şuranın tərkibində fəaliyyət göstərən elmi seminarın “Ümumi əkinçilik”ixtisası üzrə elmi katibidir. İnstitutun Elmi və Metodiki Şuralarının üzvüdür. 2016-cı ildən Əkinçilik ET İnstitutunun elmi əsərləri məcmuəsinin redaksiya heyətinin üzvü, 2018-ci ildən baş redaktorun müavinidir. Azərbaycan Torpaqşünaslar və Coğrafiya Cəmiyyətlərinin və V.V.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür. Nyu York Elmlər Akademiyasının həqiqi üzvüdür (1994).   

N.Q.Hümmətov özünün nəzəri biliyinin və elmi hazırlığının artırılması üzərində müntəzəm olaraq çalışan peşəkar torpaqşünas-aqrofizik alim kimi bilik və təcrübəsini böyük həvəslə gənc tədqiqatçılara öyrədir. 

Nizami Qulu oğlu Hümmətovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun və sağlam ömür, elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.    

© 2020 Əkinçilik ETİ