Xəbərlər

Əkin sahələrində taxılın çıxışı qiymətləndirilib

Taxılçılıqda yüksək məhsul əldə etmək təsərrüfatların əsas hədəfidir və bu hədəfə çatmaq üçün özəl təsərrüfatlar Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Ağstafa rayonu Qırılı kənd sakini Şakir Musayevə məxsus təsərrüfat və “Ağstafa Aqrar Sənaye Kompleksi“ özəl təsərrüfatı arasında bağlanmış əməkdaşlıq müqavilələri çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və istehsalat üzrə direktor müavini Atif Zamanov Qırılı kəndi özəl təsərrüfatının və “Ağstafa Aqrar Sənaye Kompleksi“ nin əkin sahələrinə baxış keçirib və taxılın çıxışını qiymətləndiriblər. İnstituta məxsus Ağstafa Yardımçı Təcrübə  Təsərrüfatında payızlıq taxıl əkinlərinin vəziyyəti də mütəxəssislər tərəfindən dəyərləndirilib. 
Görüş zamanı dekabr ayına xas olmayan hava şəritinin əkin sahələrinə mümkün təsiri, xüsusilə gəmiricilər üçün əlverrişli şəraitin yaranması, sirayətlənmənin yüksək olacağı təqdirdə mübarizə vasitələri barədə fermerlərlə fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib. 
Ümumiyyətlə sahələrdə fitosanitar vəziyyətin daima diqqətdə saxlanılması, profilaktik tədbirlərin görülməsi, eləcə də kimyəvi mübarizənin yalnız sirayətlənmənin iqtisadi zərərli həddi aşdığı halda tətbiq edilməsi təsərrüfat sahiblərinin diqqətinə çatdırılıb. 
“Ağstafa Aqrar Sənaye Kompleksi“ nin direktoru Anar Orucov yaradılmış yeni taxıl sortları, innovativ becərmə texnologiyaları, xüsusilə torpaqqoruyucu əkin texnologiyası barədə ətraflı məlumat əldə etmək məqsədilə instituta baş çəkib və tədqiqatçılarla müzakirələr aparıb.
© 2020 Əkinçilik ETİ