Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Agrovit MMC ilə əməkdaşlıq görüşü keçirilib.

Görüşdə institutun direktoru Faiq Xudayev, direktor müavini Atif Zamanov, şöbə müdiri Pərvanə Məmədova, Agrovit MMC-nin direktoru Cəfər Əliyev və şirkətin nümayəndəsi İbadulla Qurbanov iştirak ediblər.
Əməkdaşlıq görüşünün məqsədi dənli-taxıl bitkilərinin yerli sort toxumlarının intensiv artırılması və istehsalı, digər mümkün aqrotexnoloji təcrübələrin həyata keçirilməsi, həmçinin kadr hazırlılğı sahələrində əməkdaşlığın və məlumat mübadiləsinin aparılması ilə bağlı Əkinçilik ET İnstitutu və Agrovit MMC arasında tərəfdaşlıq əlaqələrinin yaradılması və birgə tədbirlərin həyata keçirilməsidir.
Görüş zamanı F.Xudayev institutun fəaliyyət istiqamətlərindən, hədəflərdən söz açaraq bildirib ki, toxumçuluq sahəsində özəl və dövlət istiqamətli əlaqələrin daha səmərəli təşkili və səmərəliliyinin yüksəldilməsi, yeni sortların birgə yaradılması məqsədilə bir sıra işlər həyata keçirilir. O, yüksək və keyfiyyətli məhsul əldə etmək üçün dövrün tələbinə cavab verən, yeni məhsuldar və keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı sortların yaradılmasına ehtiyac olduğunu da vurğulayıb. F.Xudayev taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri və gələcək planlar haqqında da qısa məlumat verib.
C. Əliyev öz növbəsində Agrovit MMC-nin fəaliyyətindən bəhs edərək bildirib ki, Azərbaycanda Kənd Təsərrüfatının inkişafına öz töhvəsini verməyi hədəfləyən “Agrovit” MMC 2019-cu ildən fəaliyyət göstərir. Şirkət bölgələrdə fermerlərin keyfiyyətli toxum gübrə və pestisidlərin seçimində üzləşdikləri problemlərin həllinə dəstək, əkin işlərinə elmi və təcrübəli yanaşmaqla məhsuldarlığın artırılmasını qarşıya məqsəd qoyub. Bu sahədə uğurla addımlayan “Agrovit” MMC-nin əsas fəaliyyəti elit və hibrid toxumların, pestisidlərin, gübrələrin, əkinçilik texnikasının satışıdır. Bundan əlavə şirkət pestisidlərin istehsalı ilə məşğul olan Rusiyanın “Avgust” şirkətinin Azərbaycanda yeganə rəsmi distribütorudur. “Agrovit” yerli şirkətlərlə qarşılıqlı əməkdaşlıq qurmaqda və bu şirkətlərin bəzi layihələrini həyata keçirməkdə maraqlıdır. Xidmətimizdən bəhrələnən hər bir fermerin də bizimlə birgə inkişaf etməsinə çalışırıq.
Tərəflər arasında əməkdaşlıq perspektivləri istiqamətində müzakirələr aparılıb. 
Müzakirələrdə yerli taxıl sortlarının əkin dövriyyəsinin artırılması üzrə birgə işlərin təşkili, kadr hazırlığı və digər istiqamətlərdə Əkinçilik ET İnstitutu ilə “Agrovit” MMC arasında elmi və praktiki əməkdaşlıq üzrə razılıq əldə olunub.Görüşdə bir sıra mühüm məsələlərə də aydınlıq gətirilib, müvafiq təkliflər verilib.
© 2020 Əkinçilik ETİ