Xəbərlər

Taxıllara vegetasiya dövründə aqrotexniki qulluq işləri

Taxılçılıq sahəsi bütün kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yemdir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlədiyi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində təsdiq edilmiş 2-ci strateji hədəflə ərzaqlıq buğda istehsalının əkin sahəsini genişləndirmədən məhsuldarlıq və keyfiyyət göstəriciləri yüksəldilməklə artırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan təlabatının tam ödənilməsindən ibarət olmalıdır. Taxılların becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir.

         Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tebe olmurlar. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda  və yaxud artıqlaması ilə mövcud olmaqla payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmırlar. Respublikamızda mövcud olan belə əlverişli təbii-iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 s/ha) dən məhsulu almağa imkan verir. Yüksək dən məhsulunun formalaşmasına nizamlanan (suvarma, yemləmə gübrələrinin verilməsi, yaşıl malanın çəkilməsi, alaqlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq olar. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühütün əlverişsiz amillərinin təsirindən inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə də zəmilərə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır.

         Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır, onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəkidə hektara 120-140 kq ammofos gübrəsinin verilməsi olduqca vacibdir.

Hal-hazırda Respublikada dənli bitkilərin əsas hissəsini intensiv sortlar təşkil edir. Bu sortların qida maddələrinə yüksək dərəcədə təlabkar olduğunu nəzərə alaraq gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq hər hektara fiziki çəkidə 250-300 kq ammonium şorası, yaxud 200 kq-a qədər karbomid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20 % -i səpindən qabaq, 60 %-i erkən yazda, 20-25 %-i isə  bitkilərin boruya çıxma mərhələsində yemləmə şəklində  verilməlidir.

Əgər payızda səpindən qabaq və ya səpinlə birgə mürəkkəb gübrələrin tərkibində azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya təlabatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq, bitkilərin kollanma dövründə verilməlidir. Çünkü bu zaman daxildə sünbül hələ formalaşmamışdır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.

Torpaqdan istifadə zamanı onun təbii münbitliyi aşağı düşməməlidir. Bunun üçün bitkilərin torpaqdan apardıqları qida maddələri müxtəlif formalarda torpağa qaytarılmalıdır ki, buna əkinçilkidə qida maddələrinin qaytarılması qanunu deyilir. Torpaqdan aparılan və torpağa qaytarılan qida maddələrinin nisbəti balans üsulu ilə müəyyən edilir. Qida maddələrinin balansı müsbət olduqda torpağın təbii münbitliyinə xələl gəlmir.

         Taxılçılar bilməlidirlər ki, əkin sahələrində yaza yaxın torpaq sıxılıb bərkiyir. Bunun da nəticəsində bitkilərin köklərinə hava çətin keçir, torpaqda isə rütubətin daha çox buxarlanmasına şərait yaranır. Bunun qarşısını almaq üçün erkən yazda, əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.

         Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə payızlıq taxıllara iki-dörd dəfə su verilməlidir. Qışı yağmurlu keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü və yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarmasına başlamaq məsləhət görülür.

         Əgər səpindən sonra əkinlər suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarma bölgələrində payızlıq taxıldan az məhsul götürülməsinin  başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 25-30 % azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır. Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda  yəni 15-20 mm yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Göstərilən miqdarda yağmur hektarda 150-200 m3 suya bərabərdir. Taxıl isə bundan xeyli artıq miqdarda rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir. Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75 faizindən aşağı düşməsinə yol verilməməlidir.

Qlobal istiləşmə ilə əlaqədar su çatışmazlığı nəzərə alınaraq suvarma suyundan qənaətlə istifadə olunmalıdır. Bunun üçün əkinçilikdə suvarma suyuna qənaətedici texnologiyalar tətbiq olunur. Dənli bitkilərdə tirəli səpin texnologiyasının tətbiqi nəticəsində suvarma suyuna 25-30 % qənaət olunr. Taxılçılıqda yağışyağdırma üsulundan istifadə bitkilərin suvarılmasının ən səmərəli forması hesab olunur. Suvarma suyu ilə birlikdə bitkilərə peyin şirəsi verilməsi yaxşı nəticələrə gətirib çıxarır. Bunu bir çox fermer təsərrüfatlarında sınaqdan keçirmişlər. Suvarmanın belə təşkilinə ciddi diqqət yetirilməlidir.

         Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən biridir. Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı məhsulun keyfiyyətini də pisləşdirir. Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlardan istifadə edilməsi tövsiyə edilir. Hazırda birləpəli alaqlara ( yabanı vələmir və s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən Puma Super və Topik aiddir. Puma Super herbisidi hektara 0.6-0.8 litr, topik herbisidi isə hektara 0.40-0.50 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən  miqdarı 250-300 litr suda həll edilərək yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənməlidir. Əks halda onun səmərəliliyi az olar.

         Taxıl əkinlərində geniş yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı 2.4-D herbisidinin amin duzu hektara 1.5-2.0 kq, Lintur 70 herbisdi 0.150-0.180 kq, Qran Star herbisidi 0.018-0.020 kq, Taystar herbisidi isə 0.01-0.05 kq hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, Topik və Lintur herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir.

         Əgər alaqların vurduğu ziyan iqtisadi ziyanlı hədd səviyyəsinə qalxmışdırsa onda herbisidlərin tətbiqi iqtisadi cəhətdən faydalı hesab oluna bilər. Vurulacaq ziyan sadəcə olaraq ziyanlı hədd səviyyəsində olacaqsa, onda herbisidlərin tətbiqinə ehtiyac qalmır. Ona görə də fermerlər alaqların vurduğu ziyanı qabaqcadan müşahidə edərək müəyyənləşdirdikdən sonra herbisidləri tətbiq edə bilərlər.

         Respublikada taxıllara qış-yaz dövründə siçana bənzər gəmircilər daha çox ziyan vururlar. Dəstə halında yaşayan bu gəmircilər aran və dağətəyi rayonların hamısında geniş yayılmışdır. Bu məqsədlə avtol və ya bitgi yağı qarışdırılmış 10 %-li sink-fosfidlə zəhərlənmiş dəndən   istifadə olunur. Hazırlanmış zəhərli dən mütləq sahədə əkilən sortun toxumundan olmalıdır ki, gələcəkdə sort qarışığına səbəb olmasın. Hər işçi yuvaya 0,5-l,0 qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmağı və yüngülcə islatmağı lazım bilirik. Nəm ot çəkisinin 6 %-i qədər sink-fosfid götürülüb tozlanmalı və diqqətlə qarışdırılmalıdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin  istənilən vaxtlarında da yaxşı yeyirlər və məhv olurlar.

         Fermer və digər kəndli təsərrüfatlarının rəhbərləri göstərilən aqrotexniki qulluq işlərini vaxtında və keyfiyyətlə yerinə yetirməklə yüksək taxıl məhsulunun əldə edilməsinə nail ola bilərlər.

 

Faiq Xudayev

Əkinçilik Elmi-Tədqiqat

İnstitutunun direktoru,

aqrar elmlər üzrə

fəlsəfə doktoru, dosent

 

Məzahir Rzayev

İnstitutun Davamlı Əkinçilik və

Bitki Diversifikasiyası şöbəsinin

rəhbəri, aqrar elmlər üzrə

fəlsəfə doktoru, dosent

© 2020 Əkinçilik ETİ