Xəbərlər

Yerli qarğıdalı sortları və onların becərilməsi

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyyələr

Ümumi məlumat:

Qarğıdalı bitkisi (Zea mays L.) qırtıckimilər (Poaceae) fəsiləsinə aiddir, vətəni Cənubi Amerikadır. Qarğıdalı istilik sevən bitkidir, vegetasiya müddəti adətən 110-120 gün, bəzi tezyetişən hibridlərdə isə 80-105 gün təşkil edir və respublikamızın suvarılan, aran və nəmliklə təmin olunmuş dəmyə bölgələrində becərilir. Yerli qarğıdalı sortları:  Respublikada Əkinçilik ET İnstitutunun Zaqatala BTS-də yaradılmış yüksək məhsuldar, keyfiyyətli Zaqatala yerli yaxşılaşdırılmış, Zaqatala 68, Zaqatala 420, Zaqatala 380, Zaqatala  514, Qürur, Ümid, Fəxri kimi yüksək məhsul vermək potensialına malik qarğıdalı sortları vardır.

Əkin dövriyyəsində yeri:

Qarğıdalı üçün ən yaxşı sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar, çoxillik yem və cərgəarası becərilən tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir. Qarğıdalı torpaq mühitinin reaksiyası neytral olan (pH-6-7) bölgələrdə yüksək məhsul verir.

Torpağın becərilməsi:

Qarğıdalı əkilən rayonların torpaq-iqlim şəraitləri bir-birindən kəskin fərqləndiklərinə görə seçilmiş sortlara uyğun aqrotexniki becərmə işləri aparılmalıdır. Qarğıdalı əkiləcək sahədə ilk əvvəl 8-12 sm dərinlikdə sələf bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyatın aparılması bitki və kövşən qalıqlarının xırdalanmasına, torpağın üst qatının yumşaldılmasına, alaq otlarının toxumlarının cücərməsinə, nəmliyin saxlanmasına və s. proseslərə müsbət təsir edir. Payızda torpaqda 27-30 sm dərinlikdə dondurma  şumu aparılılır ki, bu da torpağın su-fiziki xassələrinin yaxşılaşmasına, bitkinin inkişafı üçün lazım olan su ehtiyatının toplanmasına və torpaqda  aerasiya prosesinin yaxşılaşmasına şərait yaratmaqla yanaşı xəstəlik və zərərvericilərin coxalmasını limitləşdirir.

Səpin vaxtı və norması:

Qarğıdalı bitkisi qida maddələrinə çox tələbkar olduğundan, onun dən üçün əkin sxemi 70x30 sm olmaqla toxumun iriliyindən asılı olaraq hektara 18-20 kq, silos və yaşıl kütlə üçün isə 70x15 sm əkin sxemi ilə 25-28 kq toxum tələb olunur. Qarğıdalının səpin müddəti aran və nisbətən isti bölgələrdə aprelin birinci ongünlüyü, dağlıq və dağətəyi bölgələrdə isə aprelin üçüncü ongünlüyü hesab edilir. Torpaqda nəmlik normal olduqda toxumun basdırılma dərinliyi 8-10sm təşkil edir. Ağır mexaniki tərkibli torpaqlarda bu 6-7sm dərinliyə qədər azaldılmalıdır. Səpin texnikası düzgün nizamlanmalıdır ki, bitkilərin sahədə homogen (eyni zamanda) çıxışı təmin edilsin, əks halda məhsuldarlığa mənfi təsir göstərir. Alaqlara qarşı mübarizə məqsədilə səpinqabağı əkin sahəsi herbisidlərlə, zərərvericilər və xəstəliklərə qarşı isə toxum materialı  müvafiq  fungisid və insektisidlərlə dərmanlanmalıdır.

Gübrələmə:

İlk öncə torpağın analizi aparılaraq bitki üçün lazım olan makro və mikroelementlərin torpaqda mənimsənilə bilən formada miqdarını təyin etmək lazımdır. 1 ton dənin əldə edilməsi üçün qarğıdalı torpaqdan makro elementlərdən  24 kg azot (N), 9 kg fosfor( P2O5) və 26kg kalium (K2O), mikroelementlərdən 2.7kg kükürd (S), 4.3kg magnezium(Mg), 2.5kg kalsium (Ca), 40g bor(B), 80g mis (Cu), 70g dəmir (Fe), 140g mangan (Mn) və 50g sink(Zn) mənimsəyir. Bunları nəzərə alaraq hektara veriləcək gübrə norması hesablanaraq fosfor və kalium gübrələrinin tam norması, azot gübrəsinin isə 30%-i səpinqabağı şum altına, azotun qalan 30% bitkinin 3-5 yarpaq inkişaf fazasında, 40%-i isə 8-10 yarpaq əmələgəlmə mərhələlərində verilməsi daha səmərəlidır. Mikroelementləri isə vegetasiya dövründə yarpaqdan yemləmə kimi tədbiq eləmək məqsədəuyğundur.

Suvarma:

Qarğıdalı bitkisinin vegetasiyası dövründə  3-4 dəfə suvarma aparılmalıdır. 1-ci suvarma bitkilərdə əsas rüşeym köklərinin formalaşması, 2-ci 15-16 yarpaqların əmələ gəlməsi, 3-cü süpürgələmə, 4-cü dəndolma dövrlərində aparılmalıdır. Dənin süd yetişmə dövründə suvarmanı dayandırmaq lazımdır.

Cərgəaralarının becərilməsi:

Torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalı bitkisinin normal böyüməsini və inkişafını təmin etmək üçün cərgəarası becərilmə (3 dəfə kultivasiya), bitkilərin seyrəldilməsi və dibinin doldurulması aparılmalıdır.

Əsas xəstəlik və zərərvericiləri:  

Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bölgələrdə qarğıdalıda ziyanvericilərdən payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi, xəstəliklərdən tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıçalarda qırmızı sürmə, pas və s. geniş yayılaraq məhsuldarlığa ciddi ziyan vurur. Yüksək və keyfiyyətli məhsul almaq üçün xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri aparmaq lazımdı (aqrotexniki, kimyəvi, fiziki və mexaniki).

© 2020 Əkinçilik ETİ