Xəbərlər

Taxılda pas xəstəlikləri

Fermerlərin maarifləndirilməsi məqsədilə Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə hazırladığı tövsiyələr.
Ümumi məlumat: Pas xəstəlikləri Bazidili göbələklərin Uredinales sırasına daxildir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır. Bitkinin  bioloji xüsusiyyətlərindən və təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə mərhələsində qonur, mum yetişmə mərhələsində isə gövdə pası inkişafa başlayır. Azərbaycanda əsasən sarı pas və qonur pas xəstəlikləri daha geniş yayılır və taxıla ciddi ziyan vurur.
Sarı pas xəstəliyi Törədicisi: Puccinia striiformis West göbələyi
Zərər vurduğu bitkilər: yumşaq buğda, bəzən də bərk buğda sortları sarı pas xəstəliyinə daha çox tutulur və məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən və düşmə fazasından asılı olaraq asılı olaraq 10-30% hətda bəzən 70%-ə qədər çata bilir.
Səciyyəvi əlamətləri: bitkinin yarpaqlarının üst hissəsində yarpaq uzunu sarı rəngdə nazik xətvari sarı rəngli ləkələrin-pustulların əmələ gəlməsidir. Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Sünbülləmə mərhləsində xəstəlik yarpaqlarda assimilyasiya səthinin kiçəlməsinə, tənəffüs prosesinin güclənməsinə, buxarlanmanın artmasına və yarpaqların vaxtından tez quruyub tökülməsinə səbəb olur. Nəticədə dənin dolması prosesi tam getmir və əmələ gəlmiş dənlər cılızlaşdığı üçün 1000 dənin çəkisi normadan aşağı düşür. Göbələyin açıq-sarı rəngli spor kütləsi xaricə tökülür və toz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərə sirayət olunur. Bitkilərin yetişmə mərhələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində və digər orqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış sporları əmələ gəlir. Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri – çayır, eqilops, ceyran arpası və s. xəstəliklərinin yayılmasında əsas mənbələrdən biri hesab olunur. 
Qonur pas xəstəliyi:
Törədicisi: Puccinia recondite tritici  göbələyi 
Zərər vurduğu bitkilər: qonur pasın taxıllarda məhsuldarlığa vurduğu ziyan sarı pasla müqayisədə çox aşağıdır (6-10%). Bu, onun, vegetasiyanın sonunda, süd-mum yetişkənliyi fazasında əmələ gəlməsi ilə izah olunur.
Səciyyəvi əlamətləri: yarpaqlar üzərində dağınıq şəkildə kifayət qədər iri, qonur rəngdə pustullar-sporların əmələ gəlməsidir. Sporlar heç vaxt bir-biri ilə bitişik şəkildə olmur, ətrafları nekrotik və xlorotik ləkələrlə əhatələnir, yarpaqların alt hissəsində qara qonur rəngdə yağlı ləkələr şəklində əmələ gəlir.  
Gövdə pası xəstəliyi:
Törədicisi: Gövdə pası xəstəliyinin buğda bitkisində törədicisi - Puccinia graminis göbələyidir.
Səciyyəvi əlamətləri: Xəstəliyə bitkilərin gövdəsi, yarpaq qınları, bəzən isə sünbülün pulcuq və qılçıqları da yoluxur. Əvvəlcə orqanlarda göbələyin narıncı-qonur rəngli uredoyastıqcıqları, vegetasiyanın sonunda isə qara rəngli teleytoyastıqcıqları əmələ gəlir. Güclü zədələnmiş gövdə və yarpaq qınlarında epidermis təbəqəsi dağılır. Gövdə pası xəstəliyinin törədicisi piknidi və esidi mərhələsində zirinc bitkisinin yarpağı üzərində inkişaf edir. Xəstəlik yüksək ziyanvericilik xüsusiyyətlərinə malik olmaqla yanaşı, məhsulun 70%-ə qədər məhvinə səbəb ola bilər. Hazırda “Ug99” (uqanda-99) kimi məlum olan gövdə pasının təhlükəli rası qonşu İran İslam Respublikasının Azərbaycanla 400-500 km məsafəlik sərhəd ərazisində tapılmış, hələki respublikamızda müşahidə edilməmişdir.
Mübarizə tədbirləri: Aqrotexniki və kimyəvi üsullarla aparılır 
Aqrotexniki mübarizə: xəstəliklərə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar buğda sortlarının əkilməsi tövsiyə edilir; növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi; taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılmalı; 
 Kimyəvi mübarizə tədbirləri: aşağıdakı tərkibdə preparatların istifadə olunması məsləhətdir: 
     
Toxumlar:
•    60q/l Tebukanazol -   0.5 l/ton  
•    Difenokonazol 7.73% + Mefenoksam 1.93%  - 1l/ton
Vegetasiyada: 
•    Propikonazol 250 gr/l + Siprokonazol 80 gr/l -   0.5l/ha
•    Tebukonazol 750qr/kq -  0.3 -0.35kq/ha
•    Difenokonazol 150q/l + Propikonazol 150q/l -   0.4l/ha
Bir hektarlıq sahə üçün nəzərdə tutulmuş  işçi maye 250-300 l-dir.
Qeyd: Pas xəstəliklərinə qarşı kimyəvi və aqrotexniki mübarızə tədbirləri eyni aparılır. 
© 2020 Əkinçilik ETİ