Sortlar

DƏRƏLƏYƏZ

Bərk buğda sortu

 

Sort müəllifləri: Xudayev F.A., Abdullayev A.M., Əsədullayev Ş.S., Hacıyeva S.K.,İsmayılov T.T., Hüseynov S.İ., İbrahimov E.R.

Qısa ümumi xarakteristikası: Dərələyəz bərk buğda sortu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında yerli şəraitə uyğunlaşan, yatmaya və xəstəliklərə davamlılığına, boyunun hündürlüyünün orta olmasına, keyfiyyətinə və yüksək məhsuldarlığına görə fərqlənir. Sort Türkiyə mənşəli Fadda-98 sortu ilə Azərbaycan mənşəli Qarabağ sortunun [kobinasiya-Fadda-98 x Qarabağ]. hibridindən çoxqatlı fərdi seçmə yolu ilə yaradılmışdır.

Sort orta boylu, üçillik orta-90,7 sm, samanı orta yoğunluqda və möhkəmlikdə, yatmaya davamlıdır. Bioloji cəhətdən yerli bərk buğda sortlarına oxşayır, kollanması orta (2,3-2,6 əd.), kollanma vaxtı yarımsərilmiş, göy rəngdə tüksüz  mum təbəqəsi yoxdur. Sonuncu, sünbülaltı buğumarasının içərisi dolu olur. Dərələyəz sortu hordeiforme Host növmüхtəlifliyinə aiddir. Sünbülü qılçıqlı, silindirik, orta uzunluqda, (7,9-8,4 sm), sünbülcüklər sünbül oxunda 10 sm-də sıx (D) 24,3 yerləşir. Sünbülcük pulcuqları lansetvari formada, qırmızı rənglidir. Damarlanması zəif olunmuşdur, çiyni qalxmış, tilin görünüşü zəifdirr. Qılçıqları sünbüldən 1,5 dəfə uzun, sünbülə paralel, qara rənglidir. Döyülməsi asandır. Dəni iri (1000 dənin kütləsi-40,4-49,0q), oval formada, kəhraba rəngində, şüşəvariliyi 93,0%-dir. Dəndə zülalın miqdarı 12,0%, kleykovinın miqdarı 26,0% olur. Pоtеnsial məhsuldarlığı dəmyədə 56,6  s/ha təşkil edir.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Respublikanın dəmyə və nəmliklə təmin olunmuş dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.

© 2020 Əkinçilik ETİ