Sortlar

QALA-270

Tritikale sortu

Sort müəllifləri: Rüstəmov X.N., Əkpərov Z.İ., Xudayev F.A., Abbasov M.Ə., Abdullayev A.M., Hacıyeva S.K., Həsənova  Q.M., İbrahimov E.R., Qasımov S.V.

Qısa ümumi xarakteristikası: Qala-270 tritikale sortu intensiv tipli, nisbətən orta boylu (110,0-132,0 sm), samanı çox yoğun və möhkəmdir - yatmaya yüksək davamlıdır. Cücərtiləri kollanma fazasında tünd yaşıl rəngdə, qalın mum təbəqəsi ilə örtülü, yerəsərilən-həyat tərzi payızlıq, ortayetişəndir. Sünbülü morfobioloji əlamətlərinə görə ağ sünbüllü polonikum buğdasına oxşayır. Sünbülü piramidal, qılçıqlı, uzun (12,3-16,7 sm), sıxdır - sünbül oxunun 10 sm-də (D) 26,3-27,6 ədəd sünbülcük yerləşir. Sünbülcük pulcuqları uzunsov, ağ rəngli, zərifdir. Damarlanması orta, kil isə çox yaxşı ifadə olunmuşdur. Kil dişciyi qısa (4-5 mm), düzdür, çiyni zəif inkişaf etmiş çəpdir. Qılçıqları sünbüldən 3,0-4,0 sm uzun, zəif dağınıq, kələ-kötür və ağ rənglidir. Döyülməsi asandır, steril çiçəklər azdır. Dəni uzunsov-oval, qırmızı rəngli, orta şüşəvaridir (33,0-62,0%), kəkil yaxşı inkişaf etmişdir, şırımı orta, ensizdir.Qala-270 tritikale sortunun pоtеnsial məhsuldarlığı orta yüksəkdir – 57,1-63,4 s/ha. Becərmə illərindən asılı olmayaraq sabit orta məhsuldarılğa malik, adaptiv sortlardandır. MSS pitomnikində 3 illik orta məhsuldarlığı 54,2 s/ha, standart Qırmızıgül 1 sortundan 2,4 s/ha yüksək olmuşdur. Tərtər BTS-də keçirilmiş stansiyadaxili sınaqda Qala-270 sortunun orta məhsuldarlığı (48,4 s/ha) payızlıq Qırmızıgül 1 yumşaq buğda sortundan 14,4 s/ha yüksək, yarımpayızlıq Əsgəran yumşaq buğda sortundan isə 10,6 s/ha aşağı olmuşdur. 1000 dənin kütləsi 44,6-47,6 q, natura kütləsi 670,0 q, əsas sünbüldə dənlərin sayı 68,6-82,6 ədəd, əsas sünbüldə dənlərin kütləsi 3,02-4,9 qramdır. Dəndə zülalın miqdarı 12,5-14,4%, kleykovina isə 19,6-21,2% arasında olur. Qışa, şaxtaya, quraqlığa, yüksək temperatura davamlılığı yüksəkdir. Bərk və toz sürmə, unlu şeh, sarı və qonur pas xəstəliklərinə yüksək davamlıdır.Sələf kimi pambıq və digər cərgəarası becərilən bitkilər, qara və bitkili herik daha səmərəlidir. Yüksək aqrofona tələbkardır. Qala-270 sortunun məhsuldar kollanması orta (3,1-4,3 ədəd) olduğundan, hektara 4,0-4,5 milyon toxum səpildikdə məhsuldarlığı yüksək olur. Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hektara, təsiredici maddə hesabı ilə 90-120 kq azot (səpin vaxtı və yemləmə), 80-120 kq fosfor və 50-60 kq kalium gübrələri verilməlidir. Optimal səpin müddəti oktyabrın ikinci ongünlüyündən noyabrın əvvəlinə qədərdir.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi və dağlıq bölgələrində becərilməsi tövsiyə olunur.

© 2020 Əkinçilik ETİ